Çərşənbə , 20 Mart 2019

Home » Ədəbiyyat » İlhamə Nasirin hekayəsi – “Atamın çiçək qızı”

İlhamə Nasirin hekayəsi – “Atamın çiçək qızı”

Avqust 16, 2017 2:33 am Bölmə: Ədəbiyyat, Manset A+ / A-

IMG_7077Hərdən havanın rəngi, ya hansısa yeməyin qoxusu sənə yaşadığın bir xatirəni xatırladar. Bilirsən, insanların da çiçəklər kimi öz rəngi olur. Atam mənə görə hər zaman ağ adam olub. Bəlkə müəllim idi deyə belə düşünürdüm? Qara löhvə atamın əlindən ağ tabaşirə bürünürdü, qara fikirləri elmi ilə ağarda bilirdi, ağ köynək, ağ düşüncəli atam mənim.

Bu gün anamın bişirdiyi yarpaq dolmasının qoxusu məni o günə apardı, taa atamın məktəbnən vidalaşdığı gününə.

Anam, qardaşlarım və mən süfrə arxasında oturub yemək yeyirdik. Yemək də nə olsa yaxşıdı? Yarpaq dolması. Uşaqlıqda mən ona qara dolma deyirdim, hər dəfəsində də atam gülürdü ardınca da səbrlə onun adını, niyə məhs dolmanın təhəngdən bükülməsini mənə izah edirdi.

Həmişəki kimi atam içəri girəndə hamımız ayağa qalxdıq. Atam əli ilə işarə edib bizə “oturun” dedi. Gülməyin müəllim ailəsidir hər halda hiss olunmalıdır. O, gülümsəyərək: “həə bu gün işimlə vidalaşdım”  deyib əllərini yumaq üçün hamama keçdi. Bu söz ilk anamı diksindirdi. Elə bil anamın üzünə qəflətən xəbərsiz, ətərsiz payız gəldi, öz boz havası ilə, anidən boz buludlar aldı göy üzün bu an töküləcəkmiş kimi. Vallah anamın üzündəki payızın küləyi məni də vurdu, yayın cırhacırında elə bil içimdən gəlib keçdi getdi anidən. Bir saniyənin içində titrəyib dayandım. Qardaşlarımı da məni də anamın üzündəki payızın ildırımı vurmuşdu elə bil. Atam eyni gülümsəməylə hamamdan qayıdıb süfrədə oturdu. Ağ Atam mənim süftəə oturmaqla anamın üzündəki payızı da ağ rəngə boyadı, ildırım vurmuş bizi də özümüzə qaytardı. Arada mənə elə gəldi ki, qara dolmalar da ağarıb.

Gülümsəyən  atamı bir tək anam anlayırdı, indi mən də anlayıram. Ömrünün 45 ilini məktəbə, uşaqlara, elmə həs edən biri , hər tətildə məktəbin açılacağı günləri sayan, o gün üçün planlar qurub, yeni kitablar tapmaq eşqi ilə alışıb yanan birinə yaşını, səhətindəki problemləri səbəb görsədib bu işdən uzaqlaşdırmağın nə qədər ağır olduğunu anamdan fərqli olaraq  mən hələ indi dərk edirəm.

O gün də uşaq ağlımla bunun dərdin edirdim “Mənim təbaşir saçlı atam necə məktəbsiz qala biləcək evdə?”. Eyni süfrə arxasında qara dolmadan başqa hamı ağ atamı düşünürdü. Sükutu pozmaq atamın peşəsi idi. Birdə nəsə xatrlayıbmış kimi cəld süfrədən qalxıb:

  • Ay səni, az qala yadımdan çıxmışdı – deyib qapının ağzına qoyduğu salafanı götürdü. Heç kim danışmağa cəsarət tapmasa da mən ərköyüncəsinə:
  • O nədir elə?
  • Qızım bu gülü neçə il bundan qabaq məktəbin həyətində əkmişdim.Buna özüm qulluq edirdim. Qəşəng ağ rəngdə çiçəkləri olur. Bu, susevər bitkidir. Buna gərək tez-tez su verəsən.Bilirəm ki, məndən sonra buna heç kim baxmayacaq, ona görə torpaqdan çıxarıb evə gətirdim.
  • Bu nə gülüdür? Nərgizdir?
  • Nərgiz gülü deyil.Nərgiz gülü susuz qala bilir. Amma buna bircə gün su tökməyəndə yarpaqları bürüşür.
  • Bəs onu yenidən əksək bitəcək?
  • Hə, kökündən çıxaraıb gətirmişəm, yaxşı qulluq etsək bitər.

Biz Atamla həyətə çıxdıq. Həyətimiz çox balaca idi. Gülü həyətdə divarın dibindən torpağa bastırdıq. Beləcə atamin hər gün ilk işi o gülə gedib baxmaq, ona su vermək oldu. Məktəbinin də , şagirdlərinin də iyini ondan alırdı atam. O güllə söhbət edirdi hər dəfə. Gülməsəniz deyərəm ki, atam ona dərs deyirdi. İnsanlıq dərsi, yaşam dərsi, mücadilə dərsi. Bir ara çox qısqanmışdım o gülü. Elə bilirdim atamın bir yox, iki qızı olub. Mən kimi sevirdi onu da. Gül daha çox pöhrələndi, daha çox gözəlləşdi. Kimi o qədər sevsən belə olar onsuzda.

Qışdan başqa bütün fəsillərdə ağ rəngdə, incə çiçəklər açırdı. “Nərgizim” deyirdi atam bu gülə. Səbəbin soruşanda : – adını bilmirəm, mən də özüm ad qoydum- deyərdi. Amma inanmırdım, atam ola adını bilməyə..

Bir gün ağ atama qara xstəlik qonaq gəldi. Onda “Nərgizim” də, mən də böyümüşdük biraz. “Beyin insultu”nun nə demək olduğunu anlayacaq qədər böyümüşdük. Əvvəl yatağa həps olundu atam, sonra itirdikcə itirdi… Dostlarını, tələbələrini, yaddaşını…

Hərdən atamın “Qızım biz hardayıq indi?”- sualına hönkürdüm, hərdən ümidsiz baxışlarına.

Atamı o halı ilə gülümsədə bilən bir şey var idi .Pəncərədən baxıb gördüyü “Nərgizim”. Barmağı ilə gülü bizə göstərib gülürdü sonra kövrələrək “hə bura bizim evdir” deyirdi.

Beləcə atam bir il yataq xəstəsi oldu. Bu dəfə o mənim kiçik oğlum idi sanki, yedizidirir, qayğısına qalır, gülümsədə bilmək üçün “Nərgizimdən” danışır, özümdən əfsanələr uydururdum. O, isə hər dəfə “qızım ona sən özün bax” deyib kövrəlirdi. Evdə atamın bu halı, çöldə isə o gülün atamsız olmağı məni öldürürdü.  Hər o gülü görəndə elə bilirdim ki, o,da ağlayır, o, da üzülür.

Atamdan sonra mən də atamın iyini o güldən alırdım. Mən də arada atam kimi o gül ilə söhbət edirdim. Ona atamdan bəhs edirdim. Gün gündən günə solmağa başladı.Sanki o, da xəstələnmişdi. Gedib təcrübəli bağban gətirib gülü ona göstərdim. “Nolar kömək edin, bu gül qurumasın” dedim. Bağban bir-iki bitki dərmanı adı dedi. Mən gedib həmən dərmanlar aldıb gətirdim. Bağbanın dediyi kimi suya qatıb gülün dibinə tökdüm.Bəzisini də suya qatıb onu üstünə çilədim. Amma gül yenə də dirçəlmədi. Gündən- günə qurumağa başladı. Bu məni çox üzürdü. Axı bu gül atamın dostu idi, iş yoldaşı idi,sevimli “Nərgizim”i  idi. Həm də mənə qoyub getdiyi əmanəti idi. Nə qədər qulluq etsəm də gül qurudu. Onun qurumuşunu belə çıxarıb ata bilmədim. Bir gün mən aşağı əyilib qurumuş gülə:

  • Niyə qurudun axı? Sən mənim atamın yadigarı idin, mən atamın iyini səndən alırdım axı-deyib ağladım.

Sonra onu torpaqdan çıxarıb : – Sən də öldün, səni atmayacam, səni də atamın yanında aparıb basdıracam- deyib salafana qoydum. Aparıb atamın qəbirinin yanından “Nərgizim” üçün də qəbir qazdım. Onu orda basdırdım. Sonra atamın daş üzərindəki şəklinə baxıb:

  • Məni bağışla atam, sənin əmanətinə sahib çıxa bilmədim. O, da öldü, bəlkə də sənsiz yaşaya bilmədi- deyib evə gəldim.

Atamdan sonra anamın xəstələnməsi, evdəki problemlər hamsı üst üstə gəlirdi. Sanki evimizin ağ rəngi də atamla getdi.

Novruz bayramından əvvəl hamı kimi mən də atamın qəbrini ziyarət etməyə getdim. Mən qəbirin üstünü silmək üçün özümlə bir az su və əski götürmüşdüm. Əyilib qəbirin üstünü silmək istəyəndə gördüklərim məni sanki şoka saldı.” Nərgizim” dirilib elə gözəl yarpaqlamışdı ki, hətta üstündə açmaq istəyən qönçələri də var idi. Mən gördüklərimə inana bilmirdim. Gülə yaxınlaşıb, əyilib əlimi onun uzunsov yarpaqlarına sürtdüm.” Salam Nərgizim” deyib bir qədər orda oturub düşündüm. Axı bu gül tamam qurumuş idi.Həm də bu quraqlıq yerdə necə dirilib bitə bildi?  Axı bu gül bircə gün susuz yaşaya bilmirdi. Bəs ona burda kim qulluq edir, ona suyu burda kim verir?

… Atammı rəngini ondan almışdı, omu rəngini atamdan almışdı?

Hərdən küləyə, yağışa yalvarıram belə möhkəm əsib, yağmayın atamla Nərgizim üstü açıq yatıblar torpaqda…


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


İlhamə Nasirin hekayəsi – “Atamın çiçək qızı” Reviewed by on . Hərdən havanın rəngi, ya hansısa yeməyin qoxusu sənə yaşadığın bir xatirəni xatırladar. Bilirsən, insanların da çiçəklər kimi öz rəngi olur. Atam mənə görə hər Hərdən havanın rəngi, ya hansısa yeməyin qoxusu sənə yaşadığın bir xatirəni xatırladar. Bilirsən, insanların da çiçəklər kimi öz rəngi olur. Atam mənə görə hər Rating: 0
Smiley face
scroll to top